Katrina fəlakəti Peyğəmbərimizin (səv) xəbər verdiyi qiyamət əlaməti ola bilərmi?

“On əlamət görülmədən qiyamət qopmayacaq... Biri şərqdə, biri qərbdə, digəri də Ərəb yarımadasında meydana gələcək yerə batma hadisəsi ...” (Müslim, Fiten,39)

Bütün kainatın, canlı və cansız bütün varlıqların mütləq sonunun olduğu Quran ayələrində bildirilir. Bu son gündür, amma eyni zamanda, axirətdəki sonsuz həyatın da başlanğıcı olacaq. O gün Quran ayələrində xəbər verildiyi kimi “İnsanların aləmlərin Rəbbi üçün qalxacağı” gündür. (Mutaffifin surəsi, 6). Qiyamət günündə canlılarla birlikdə bütün kainat da yox olacaq və bu yox olma indiyə qədər heç yerdə görülməmiş hadisələr nəticəsində baş verəcək. Rəbbimiz Məaric surəsində belə buyurur:

“O gün göy əridilmiş metal kimi olacaqdır. Dağlar da didilmiş yuna bənzəyəcəklər. Dost dostunun halını xəbər almayacaq. Halbuki onlar bir-birini görəcəklər. Günahkar o günün əzabından qurtarmaq üçün fidyə vermək istəyər – öz oğullarını, həyat yoldaşını və qardaşını, ona sığınacaq vermiş nəslini və yer üzündə olanların hamısını – təki bu onu xilas etsin. Xeyr! Bu, alovu şölələnən Oddur”. (Məaric surəsi, 8-15)

Qiyamət günü Allahın uca qüdrətinin bütün insanlar tərəfindən dərk edildiyi, inkarçılar üçün dəhşət, qorxu və əziyyət dolu gündür. Rəbbimiz Quran ayələrində bu günün sürətlə yaxınlaşdığını (Loğman surəsi, 34) və insanların heç gözləmədikləri bir anda, birdən gələcəyini (Nəhl Surəsi, 77 və Əraf surəsi, 187) bildirilir. Başqa ayədə isə Rəbbimiz Qiyamət saatından əvvəl bəzi əlamətlərin meydana çıxacağını xəbər verib.

“Məgər kafirlər o Saatın qəfildən onlara gəlməsindən başqa bir şeymi gözləyirlər? Artıq onun əlamətləri gəlmişdir. O Saat onlara gəlib yetişdiyi zaman ibrət almaları nəyə yarayar?” (Muhamməd surəsi, 18)

Peyğəmbərimiz hz. Muhəmməd (sav) qiyamətdən əvvəl baş verəcək bu əlamətləri bizlərə hədislərində ətraflı şəkildə təsvir edib. Qiyamət əlamətlərinin ortaya çıxacağı bu dövr “axırzaman” dır. Axırzamanın ilk dövründə dünyada maddi və mənəvi problemlər hakimdir. Bunun ardınca gələn ikinci dövrdə isə Allah hz. Mehdini vəsilə edərək insanları qarşıdurmalardan, müharibələrdən, ədalətsizliklərdən xilas edəcək. Qızıl dövr olaraq da adlandırılan bu dövrdə müharibələr və qarşıdurmalar sona çatacaq, dünya bolluq, bərəkət və ədalətlə dolacaq, İslam əxlaqı bütün dünyaya geniş şəkildə yayılacaq və yaşanacaq. Qızıl dövrün sona çatmasının ardından dünya çox sürətlə çökəcək və daha sonra qiyamət saatı gələcək. Lakin qeyd edilməlidir ki, hər mövzuda olduğu kimi qiyamət haqqında da Rəbbimizin bizə öyrətdiklərindən başqa heç bir məlumata sahib deyilik. Qəti şəkildə baş verəcək qiyamətin vaxtını yalnız Allah bilir:

De: “Mən sizə vəd olunmuş əzabın yaxın olduğunu və yaxud Rəbbimin onun üçün uzun bir müddət təyin etmiş olduğunu bilmirəm. O, qeybi Biləndir və Öz qeybini heç kəsə açmaz.” (Cin surəsi, 25-26)

Qiyamət əlamətləri bir-birinin ardınca baş verir

Axırzaman hədisləri araşdırıldıqda çox fövqəladə vəziyyətlə qarşılaşırıq. Peyğəmbərimizin (səv) əsrlər əvvəl xırdalıqlarına kimi açıqladığı əlamətlər hal-hazırda yer üzünün, demək olar ki, hər yerində bir-birinin ardınca və tamamilə hədislərdə bildirildiyi şəkildə yaşanır. Dünyanın dörd tərəfinə yayılmış qətliamların, müharibələrin, münaqişələrin baş verməsi, fitnələrin çoxalması, haramların halal sayılması, əxlaqi degenerasiyanın böyük sürətlə yayılması, Allahın açıq şəkildə inkar edilməsi, Quran əxlaqının tərk edilməsi, müsəlmanların çox şiddətli çətinliklərlə qarşılaşması, günahsız insanların səbəbsiz yerə öldürülməsi, kasıblığın və aclığın geniş yayılması, saxta din adamlarının ortaya çıxması, ovsuna və fala rəğbət göstərilməsi, saxtakarlığın, rüşvətin, zinanın artması, saxta məsihlərin ortaya çıxması kimi bir çox əlamətlər hal-hazırda - yaşadığımız axırzamanda tarixin heç bir dövründə olmadığı qədər geniş yayılmışdır
(Daha ətraflı məlumat üçün baxın: Hz. İsa’nın Geliş Alametleri, Harun Yahya, Araştırma Yayıncılık). .

Hədislərdə bildirilən bu axırzaman əlamətlərinin bir hissəsi İslam tarixinin müxtəlif dövrlərində dünyanın fərqli bölgələrində az, ya da çox görülmüşdür. Ancaq belə vəziyyət o dövrün axırzaman olduğunu göstərmir.

Çünki bir dövrün axırzaman olaraq səciyyələndirilməsi üçün Peyğəmbərimizin (səv) xəbər verdiyi əlamətlərin hamısı eyni dövrdə, bir-birilərini izləyərək baş verməlidir. Bu vəziyyət hədislərdə belə ifadə edilib:

“Qiyamət əlamətləri bir-birini təqib edərək meydana gəlir. Bir sırada düzülmüş muncuqların ardarda tökülməsi kimi”. (Ramuz-El Ehadis, 277/6; Camiü's-Sagir, 3/167)

“Əlamətlər toru açılan balıqların qaçdığı kimi bir-birini izləyər”. (Ölüm, Kıyamet ve Diriliş, İmam Şarani, s. 478)

Məsələn, hədislərdə xəbər verilən əlamətlərdən biri Ramazan ayında ay və günəş tutulmalarının baş verməsidir.

“Ramazanın birinci gecəsində ay, ortasında günəş tutulacaq”. (Kıyamet Alametleri, s. 199)

Həqiqətən də, 1981 və 1982-ci illərin Ramazan ayında həm günəş, həm də ay tutulmaları bir-birinin ardınca baş vermişdi. Şübhəsiz ki, günəş və ay tutulmalarının baş verməsi olduqca təbii və çox rast gəlinən vəziyyətdir. Lakin burada əsas olan məqam bu tutulmaların Ramazan ayında və 15 gün ara ilə baş verməsi, bu halın iki il ard-arda təkrar etməsidir. Üstəlik, bu tutulmaların yuxarıda bəzilərini qeyd etdiyimiz digər əlamətlərlə eyni dövrdə baş verməsi rəvayətlərdəki işarələrin bu tutulmaların olması ehtimalını artırır. Digər möhtəşəm hal isə Peyğəmbərimizin (səv) bu ay və günəş tutulmalarının ardınca quyruqlu ulduzun ortaya çıxacağını xəbər verməsidir.

“O ulduzun doğması günəş və ay tutulmalarından sonra olacaq”. (Kitab-ül Burhan Fi Alameti-il Mehdiyy-il Ahir Zaman, s. 32)

Hədislərdə bildirildiyi kimi, 1986-cı ildə (Hicri 1406-cı il), yəni 14-cü əsrin əvvəllərində “Halley” quyruqlu ulduzu Yer kürəsinin yaxınlığından keçmişdi. 1981 və 1982-ci (Hicri 1401, 1402) illərdə meydana gələn ay və günəş tutulmaları hadisəsindən sonra ortaya çıxmışdı. Bu ulduzun doğulmasının da digər çıxış əlamətləri ilə eyni zamanda meydana gəlməsi və tam Peyğəmbərimizin (səv) dediyi şəkildə baş verməsi bu hadisələrin rəvayətlərdəki əlamətlər ola biləcəyinə işarə edir.

Axırzaman əlamətlərini araşdırarkən diqqət edilməli digər vacib xüsus isə bəhsi gedən əlamətin böyüklüyü, şiddəti və meydana gətirdiyi təsiridir. Məsələn, Peyğəmbərimiz (səv) zəlzələlərin çoxalmasını qiyamət əlaməti olaraq xəbər vermişdi. Şübhəsiz ki, tarixin hər dövründə müxtəlif gücdə zəlzələlər baş vermişdir. Lakin indi yaşadığımız axırzamanda dünyanın hər tərəfində zəlzələlərin sayı və şiddətində çox böyük artım müşahidə olunur. ABŞ Geoloji Araşdırma Təşkilatının (USGS) hesabatlarına görə 1556-1975-ci illər arasında - təxminən 400 ildə 5.0 və daha güclü şiddətdə olan sadəcə 110 zəlzələlə baş vermişdi. Həmin təşkilatın açıqlamasına görə 1980-2003 illər arasında isə - sadəcə 23 ildə 6,5 və daha güclü şiddətdə olan 1685 zəlzələ baş vermişdi. Bu məlumat Peyğəmbərimizin (səv) verdiyi xəbəri təyin edir və axırzaman əlamətlərinin tarixin digər dövrlərində meydana gələn bənzərlərindən fərqli olaraq olduqca fövqəladə xüsusiyyətlər daşıdığını göstərir.

Peyğəmbərimiz (səv) bu əlamətlərdən başqa bir çox qiyamət əlaməti haqqında da xəbər verib. İslam alimləri bu əlamətlərin bəzilərini kiçik əlamətlər, bəzilərini isə böyük əlamətlər olaraq səciyyələndirirlər. Peyğəmbərimizin (səv) on böyük qiyamət əlamətlərini xəbər verdiyi hədisi belədir:

“On əlamət zühur etmədikcə qiyamət qopmayacaq: Şərqdə bir yerin batması, QƏRBDƏ BİR YERİN BATMASI, Ərəb yarımadasında bir yerin batması, duman, dəccal, İsa ibni Məryəm, Dabbətü'l-Ərz, Yəcuc və Məcuc, Günəşin batdığı yerdən doğması və Aden torpağının sonundan (Yəməndən) bir alov (atəş) çıxaraq insanları həşr olacaqları yerə aparması”

(Müslim, Fiten, 39, 40,128, 129; Ebû Dâvûd Melâhim, 12; Tirmizi, Fiten, 21; İbn Mâce, Fiten, 25, 28).

Bu yazımızda Peyğəmbərimizin (səv) xəbər verdiyi “ŞƏRQDƏ, QƏRBDƏ VƏ ƏRƏB YARIMADASINDA ÜÇ YERƏ BATMA” əlamətlərini son dövrlərdə baş verən bəzi mühüm hadisələrə əsasən araşdıracağıq.

(Digər qiyamət əlamətləri haqqında ətraflı məlumat üçün baxın: Kıyamet Alametleri, Hz. İsa'nın Geliş Alametleri, Deccal'in Ayini Terör, Ahirzaman ve Dabbetü'l Arz, Harun Yahya, Araştırma Yayıncılık)

ŞƏRQDƏKİ YERƏ BATMA:

İNDONEZİYADAKI BÖYÜK SUNAMİ FƏLAKƏTİ

Peyğəmbərimizin (səv) xəbər verdiyi qiyamət əlamətlərindən biri “Şərq tərəfdə baş verəcək yerə batma” hadisəsidir.

Bu əlamətin böyük quru hissəsinin, ya da insan birliyinin aradan qalxması, yer üzündən yox olması mənasına gəldiyi ehtimal olunur (Ən doğrusunu Allah bilir). 2004-ci ilin son ayında Cənubi Asiyada reallaşan böyük sunami fəlakəti bu əlamətə çox bənzəyir. Bu səbəbdən Peyğəmbərimizin (səv) xəbər verdiyi “şərqdəki yerə batma” əlaməti bu böyük sunami fəlakətinə işarə edə bilər (Şübhəsiz ki, ən doğrusunu Rəbbimiz bilir).

Tarix boyunca Asiyada, Uzaq Şərqdə müxtəlif fəlakətlər, zəlzələlər və qasırğalar olub. Bu fəlakətlərdə çox böyük uçqunlar baş vermiş, çox yüksək sayda insan həyatını itirmişdi. Ancaq 26 dekabr 2004-cü il tarixində Cənubi Asiyada baş verən və 225 mindən çox insanın ölümü ilə nəticələnən sunami bu fəlakətlərin ən böyüyü olmuşdu. Bu böyük fəlakət əsnasında yerin altındakı böyük qatların hərəkəti nəticəsində yaranan 1000 kvadrat kilometrlik qırılmalar və qitələrin yer dəyişdirməsi ilə yaranan böyük enerji okeanlarda meydana gələn çox böyük enerji ilə birləşib cənubi Asiya ölkələrindən İndoneziya, Şri-Lanka, Hindistan, Malayziya, Tailand, Banqladeş, Myanma, Maldiv adaları və Seyşel adalarına, hətta 5 min km uzaqlıqdakı Afrika ölkəsi olan Somali sahillərinə qədər belə çatmışdı.

Qiyamət əlamətlərinin bir-birinin ardınca baş verdiyi axırzamanda meydana gələn bu sunami fəlakəti çox geniş sahəyə təsir etmiş, şəhərlərin dəniz sularının altında qalıb yox olmasına, dünya xəritəsinin dəyişməsinə səbəb olmuşdu. Elə bu səbəbdən də “şərqdəki yerə batma” ifadəsi ilə Cənubi Asiyada baş verən bu fəlakətə işarə edilə bilər (Ən doğrusunu Allah bilir.)

“Qiyamət əlamətləri bir-birini təqib edərək meydana gəlir. Bir sırada düzülmüş muncuqların ard-arda tökülməsi kimi”. (Ramuz-El Ehadis, 277/6; Camiü's-Sagir, 3/167)

“Ramazanın birinci gecəsində ay, ortasında günəş tutulacaq”. (Kıyamet Alametleri, s. 199)

QƏRBDƏKİ YERƏ BATMA:

ABŞ-DA BAŞ VERƏN “KATRİNA FƏLAKƏTİ”

Keçən ay ABŞ-ın Meksika körfəzində baş verən Katrina qasırğasının meydana gətirdiyi böyük dağıntı Peyğəmbərimiz hz. Muhəmmədin (səv) xəbər verdiyi digər qiyamət əlaməti olan “Qərbdəki Yerə Batma” əlamətini ağıla gətirir.

Peyğəmbərimizin (səv) axırzamanda reallaşacağını bildirdiyi bu “yerə batma” hadisəsi tarix boyu baş verən bənzərlərindən çox böyük, çox təsirli olmalıdır. Katrina qasırğası keçmişdəki bənzərlərindən fərqli olaraq olduqca böyük dağıntıya səbəb olmuşdu. Tarix boyunca Avropa və Amerika qitələrində çox böyük fəlakətlər baş verib. Zəlzələlər, vulkan püskürmələri, qasırğalar, terror hücumları minlərlə insanın həyatını itirməsinə səbəb olmuşdu. Ancaq bu fəlakətlərin heç biri Katrina fəlakətinin meydana gətirdiyi kimi dağıntı meydana gətirməmiş, milyonlarla insanın köç etməsinə, on minlərlə insanın həyatını itirməsinə, üç böyük əyalətin məhv olmasına, şəhərlərin sular altında qalıb yox olmasına səbəb olmamışdı. Katrina qasırğası bu cəhətdən digər fəlakətlərdən seçilir, ABŞ tarixində baş verən ən böyük dağıntıların başında yer alır. Bu səbəbdən Katrina fəlakəti Peyğəmbərimiz hz. Muhəmmədin (səv) xəbər verdiyi üç batmadan biri ola bilər. Ən doğrusunu Allah bilir.

Katrina fəlakətinin böyüklüyü

Katrina fəlakəti barədə təxminən bir aydan bəri qəzetlərdə, televizorlarda intensiv şəkildə bəhs edilir. Ancaq bu xəbərlərdə fəlakətin istər ABŞ, istərsə də dünya üzərindəki çoxtərəfli təsiri lazımi şəkildə vurğulanmır. Fəlakətin əsl ölçüləri insanlardan gizlədilir, dağıntı haqqındakı xəbərlər ictimaiyyətə yüngülləşdirilərək çatdırılır. Halbuki, Katrina fəlakəti on mindən çox insanın həyatını itirməsinə, 3 böyük əyalətin, demək olar ki, hər yerində (Alabama, Lousiana, Mississippi) yaşamağın qeyri-mümkün hala gəlməsinə, ABŞ-ın ən mühüm şəhərlərindən birinin tamamilə boşaldılmasına, ABŞ tarixinin ən böyük havadan xilasetmə əməliyyatının həyata keçirilməsinə, milyonlarla insanın evini və işini itirməsinə, 100 milyard dollardan çox maddi zərərin meydana gəlməsinə səbəb olmuş olduqca böyük dağıntıdır. Bu ölçüdəki insani fəlakətin Amerika torpaqlarında Vətəndaş Müharibədən bəri yaşanmadığı müxtəlif yazıçılar tərəfindən dilə gətirilib. Bəzi dövlət səlahiyyətliləri tərəfindən Xirosima və İndoneziyadakı sunami fəlakəti ilə müqayisə edilən, təsirinin uzun illər ərzində davam edəcəyi təxmin edilən bu fəlakət Peyğəmbərimizin (səv) də hədisində xəbər verdiyi kimi böyük sahənin suyun altına batması ilə nəticələnmişdi.

Katrina fəlakətinin yaratdığı dağıntı qısaca belə təsvir edilə bilər:

- Katrina adlandırılan bu qasırğa Saffir-Simpson şkalasına görə ən şiddətli qasırğanı təsvir edən 5-ci kateqoriya olaraq təsnif edildi, bəzən 4-cü kateqoriyaya düşdü. ABŞ-da qasırğalar qeydə alınmağa başlandığından bəri yalnız üç qasırğa bu kateqoriyaya girmişdi. Ancaq o qasırğaların heç biri Katrina qasırğası qədər böyük dağıntıya səbəb olmamışdı.

- Fəlakət nəticəsində ölənlərin sayı hələ tam olaraq dəqiqləşmədi, ancaq sayının on minləri keçə biləcəyi səlahiyyətlilər tərəfindən dilə gətirildi. Maddi ziyanın isə 100 milyard dollardan çox olacağı təxmin edilir. Ancaq uzun müddətli zərərlər (torpaq, dəniz, canlı həyatı və iqlim üzərindəki təsir) bu hesaba daxil edilmir.

- Katrina qasırğası 29 avqust Bazar ertəsi günü Meksika körfəzindən Amerika qitəsinə daxil oldu və üç əyalətə təsir etdi. Louisiana, Mississippi və Alabama, demək olar ki, yaşanılmaz hala gəldi. Qasırğanın sürəti saatda 260 km-ə qədər artdı. Təsirə məruz qalan və “milli fəlakət” elan edilən sahə Türkiyənin təxminən 3/1-i böyüklüyündə idi.

- Qasırğa əvvəlcə Florida ştatını təsiri altına aldı. Bu əyalətdə 13 nəfər həyatını itirdi və qasırğa çox böyük maddi itkiyə səbəb oldu. Daha sonra Louisiana əyalətinə yönəldi. Louisiana, Alabama və Mississippi sahillərinə çox böyük ziyan vurdu. Xüsusilə sahil bölgələrindəki binalar məhv oldu. Bu üç əyalətdə on mindən çox insanın həyatını itirdiyi təxmin edilir. Louisiana əyalətinin ən böyük şəhəri olan Nyu Orleansın 80%-i suların altında qaldı.

- Mississippi əyalətinin Biloxi və Gulfport şəhərlərinin hər yeri 9 metrə qədər yüksələn suyun altında qaldı. Bu regiondakı evlərin 90%-i tamamilə dağıldı. Dəniz kənarında qurulan otellər, əyləncə mərkəzləri tamamilə məhv oldu. Bu vəziyyət Peyğəmbərimiz hz. Muhəmmədin (səv) xəbər verdiyi digər qiyamət əlamətini də ağıla gətirir. Hədis bu şəkildədir:

“İnsanlara ölüm gəlib evlər məzar olduğu vaxt halın necə olar.” (Ölüm-Kıyamet-Ahiret ve Ahir zaman Alametleri, s. 392, no. 726)

- Katrina qasırğasından sonra təxminən 5 milyon insan elektriksiz qaldı. Yaranan böyük təxribat səbəbindən elektrikin şəhər miqyasında verilməsinin hələ aylar çəkəcəyi açıqlandı.

- Amerika Meksika Körfəzindən neft ehtiyacının 25 faizini əldə edirdi. Bu gün bu sahənin ümumi 1,5 milyon barrel / gün istehsal tutumunun 91%-i istifadə edilə bilmir. Çıxan təbii qazın 83%-i dayandı. Dəniz neft platformalarından 561-i (cəmi təxminən 650 ədəd) vertolyotlarla vaxtında boşaldıla bildi. 20 platforma ya batdı, ya da sürükləndi, biri isə yanmağa davam edir. Tərk edilənlərdə nə problem olduğu hələki bilinmir. Yaranan dəniz kirliliyi isə fəlakətin başqa tərəfidir. Mississippi çayı sahilindəki səkkiz təmizləyici (rafineri) tərk edildi. Fəaliyyət göstərə bilənlər də bağlanıldı. Çünki Meksika Körfəzindən regiona neft gətirən boru xətti qopdu. Bu regiondakı neft istehsalının, demək olar ki, tamamilə dayanması Amerika iqtisadiyyatına çox mənfi təsir edərkən bütün dünya iqtisadiyyatında da qalıcı zərərlər meydana gətirəcəyi təxmin edilir.


- Yüz minlərlə bina yaşanılmaz hala gəldi, yüz minlərcəsində isə çox böyük maddi zərər mövcuddur.
- İtkin düşənlərin sayı təxminən 35.000 nəfər olduğu hesablanır. Bölgədə 300 mindən çox uşağın evsiz qaldığı təxmin edilir.

- Elektrikin kəsilməsi, telefon xətlərinin, mobil telefonlarının və internetin işləməməsi iş həyatını tamamilə dayandırdı. Bütün sektorlarda 1 milyona yaxın işin itdiyi hesab edilir.

- Bölgədə təhsil müəssisələri bağlandı. Çox sayda məktəb istifadəyə yararsız vəziyyətdədir. Digərlərində isə çox böyük maddi ziyan mövcuddur.

- Yerli qəzet və televiziyalar mərkəzlərini tərk edib nəşrlərini internet saytları üzərindən davam etmək məcburiyyətində qaldılar.

- Sel sularının altında qalan şəhərlərdə yoluxucu xəstəliklərin baş verməsinin anlıq hal aldığı ifadə edilir. Küçələri dolduran cəsədlər, suya qarışan zəhərli maddələr, fabriklərdən sulara qarışan kimyəvi tullantı maddələr, zibillər, neft tullantıları su altında qalan şəhərlər üçün çox böyük təhlükə yaradır. ABŞ ordusu Qərbi Nil virusu daşıyıcısı olan və durğun su sahəsində sürətlə çoxalan ağcaqanadlara qarşı hərbi təyyarələrlə dərmanlama işlərini aparmağı planlaşdırır.

Nyu Orleans (New Orleans) Şəhərinin Yerə Batması

Katrina qasırğası bir çox şəhərdə çox böyük dağıntı meydana gətirərkən Nyu Orleansı tamamilə yaşanılmaz hala gətirdi. ABŞ-ın turizm və mədəniyyət mərkəzlərindən biri olaraq qəbul edilən Nyu Orleansın 80%-i suların altında qaldı. Bəzi yerlərdə suyun hündürlüyü 6 metrə qədər yüksəldi. Bu səbəbdən Nyu Orleans suların altına qaldı. Peyğəmbərimizin (səv) xəbər verdiyi “Şərqdəki yerə batma” əlaməti İndoneziyadakı sunami fəlakətinə işarə ola biləcəyi kimi “Qərbdəki yerə batma” hadisəsi də Nyu Orleans şəhərinin alt-üst olmasına işarə ola bilər. Heç şübhəsiz ki, ən doğrusunu Allah bilir.

Nyu Orleans Pontchartrain gölü, Mississippi çayı və Meksika körfəzi ilə əhatə olunan şəhərdir. Şəhər dəniz səviyyəsindən təxminən 2 metr aşağıda qurulub. Ancaq şəhərin bəzi yerləri dəniz səviyyəsindən 6 metr aşağıdadır və baş verəcək sellərə qarşı nasoslar, kanallar və bəndlərlə qorunur. Bu bənd sistemi dünyanın ən bahalı seldən müdafiə sistemlərindən biri olaraq qəbul edilir və 1800-cü illərdən etibarən mərhələ-mərhələ inşa edilmiş, nizamlı şəkildə də gücləndirilmişdi. Şəhərin ətrafını təxminən 560 kilometr boyunca əhatə edən bənd ancaq 3-cü səviyyədəki fırtınalar üçün nəzərdə tutulmuşdu. Katrina kimi 5-ci səviyyədəki (bəzi günlərdə 4-cü səviyyədə olan) qasırğaya dözümlü deyildi. Bu səbəbdən də Katrina qasırğası şəhərin iki əhəmiyyətli bəndini məhv etmiş, bundan əlavə göl, dəniz və çay suları da şəhərin 80%-ni bürümüşdü. Pontchartrain gölünün sahilləri isə tamamilə suyun altında qalmışdı.

Qasırğanın ardından bu bəndlərin təmir edilməsi və sonra dolan suların boşaldılması planlanır. Lakin 148 nasosdan çox azı işləyir, bu səbəbdən də şəhəri dolduran suyun boşaldılmasının aylarla çəkəcəyi təxmin edilir. Əsas problem də odur ki, ərazini təmizləmək üçün lazım olan nasoslar sellərin altında qaldığı üçün oranı əhatələyən metrlərlə yüksəklikdəki suları atmağa yer yoxdur. Digər problem də cəsəd və tullantılar səbəbindən çirklənmiş suların Missisipi və Pontchartrain çaylarına axıdılmasının canlıların həyatı üzərində yaradacağı və qarşımızdakı illərdə daha da böyüyəcəyi ehtimalı vardır. ABŞ-ın balıqçılıq sektorunun əsas limanlarından sayılan ərazidə tullantı suyun gölə, çaya və dənizə boşaldılması dənizlərdəki həyata çox böyük zərər verəcək. Ancaq səlahiyyətlilər bundan başqa alternativin olmadığını və nasoslamanın planlandığı şəkildə həyata keçiriləcəyini bildirirlər.

Bu fəlakət 1718-ci ildə Nyu Orleansın inşa olunmasından bəri reallaşmış ən böyük fəlakətdir. Şəhərdə bu günə qədər bir çox fırtına və qasırğa fəlakəti baş vermişdi. Ancaq təxminən hər 14 ildən bir bilavasitə qasırğa ilə qarşılaşan şəhər bu ölçülərdəki dağıntı ilə heç qarşılaşmamışdı. Nyu Orleans fəlakətinin nəticələri qısaca bu şəkildə ümumiləşdirilə bilər:

- Nyu Orleansı qasırğadan əvvəl 1 milyon insan tərk etmişdi. Şəhərdə qalan on minlərlə insan isə Superdome Stadionu və Sərgi Sarayına sığınmışdı. Bu insanlardan başqaları isə yüksək yerlərdə özlərini sulardan qorumağa çalışırdılar. Yüksək binaların damlarında və yuxarı mərtəbələrində sığınıb qapalı qalan minlərlə insan günlərlə yardım gəlməsini gözlədilər. Bu insanların arasında aclıq, susuzluq və müxtəlif narahatlıqlar səbəbindən bir çox insan həyatını itirdi. Cinayət, hücum və təcavüz hadisələri də ölü sayını artırırdı. Sığınılacaq ən etibarlı yer olaraq təyin edilən Superdome Stadionunun tavanının bir qismi çöküncə bura da sığınanlar üçün etibarlı yer olmadı.

- Superdome Stadionuna şəhəri tərk edə bilməyən 9000 insan və 550 təhlükəsizlik işçisi yerləşdirildi. Bu say qasırğanın çox şiddətlənməsinin ardından 1 sentyabr tarixində təxminən 60.000-ə çatdı. Elektrikin, ventilyasiya sisteminin, suyun olmadığı stadionda on minlərlə insan çox çətin şərtlər altında həyatını davam etdirməyə çalışdı. Şəhərdəki evakuasiya əməliyyatlarının sürətlənməsi ilə Nyu Orleans “Qarabasma şəhər” ifadələri ilə anılmağa başlandı.

- Qəsbkarlıq, təcavüz, hücum, intihar, oğurluq, narkotik satışı kimi hadisələrin çox böyük sürətlə artması şəhəri və eyni zamanda da, kütləvi şəkildə sığınılan binaları böyük xaosa sürüklədi.

- Nyu Orleansdakı evlərin 80%-i istifadəyə yararsız vəziyyətdə idi.

- 10 minlərlə insan yemək və su ehtiyacını ödəyə bilmir, şəhərdə təmiz su və qida tapa bilmirdi.

- Ağacları və elekrik xəttlərini yerlə bir edən güclü küləklər səbəbindən bir milyon insan elektriksiz qaldı. Elektrik kəsildiyindən xəstəxanalardakı kritik vəziyyətdəki xəstələrin bir-bir öldüyü bildirilir.

- Sel suları Nyu Orleansın bəzi məzarlıqlarında tabutları torpaqdan sökərək bayıra çıxardı. Televiziyalarda Nyu Orleansı bürüyən sularda üzən tabutlar göstərildi.

Nyu Orleansda 1718-ci ildə bəri bir çox fırtına və qasırğa fəlakəti baş vermişdi. Ancaq təxminən hər 14 ildən bir bilavasitə qasırğa ilə qarşılaşan şəhər bu ölçülərdəki dağıntı ilə tarixi boyunca heç qarşılaşmamışdı.

Nyu Orleans şəhərinin, demək olar ki, tamamilə məhv olması peyğəmbərimiz hz. Muhəmmədin (səv) xəbər verdiyi digər axırzaman əlaməti ilə çox böyük oxşarlıq təşkil edir. Hədisdə belə bildirilir:


BÖYÜK ŞƏHƏRLƏR SANKİ DÜNƏN YOXMUŞ KİMİ MƏHV OLACAQ

(Kitab-ül Burhan Fi Alametil Hz. Mehdiyyil Ahir Zaman, s. 38)

Həqiqətən də, bir şəhər suların altında qalıb məhv olmuş, yaşanmaz hala gəlmişdi.

“Göylərin və yerin qeybi Allaha aiddir. O Saatın gəlməsi bir göz qırpımı kimidir və ya daha tezdir. Həqiqətən, Allah hər şeyə qadirdir”. (Nəhl surəsi, 77)

“SƏHRAYA BATAN ORDU”
ÜÇÜNCÜ BATMA OLA BİLƏR?

Peyğəmbərimiz hz. Muhəmmədin (səv) hədislərində qərbdəki və şərqdəki yerə batmalardan başqa “Ərəb yarımadasındakı üçünçü batmaya” da diqqət çəkilir.

Ərəb yarımadasında baş verəcək yerə batma hadisəsi Peyğəmbərimizin (səv) digər hədisi ilə böyük oxşarlıq təşkil edir. Hədis bu şəkildədir:

“BİR ORDU MÜHARİBƏ ÜÇÜN GƏLƏR, SƏHRAYA GİRƏNDƏ BAŞINDAKI VƏ SONUNDAKILAR BATAR, ORTADAKILAR DA XİLAS OLA BİLMƏZ”. (Hanbel, Tirmizi, İbni Mace, Ebu Davud'dan; Geleceğin Tarihi 4, s.30)

2003-cü ildə baş verən İraq müharibəsi zamanı İraq ordusunun böyük qisminin birdən-birə yox olması döyüşün ən diqqət çəkən hadisələrindən biri idi. Respublika Gözətçiləri olaraq tanınan təxminən 60.000 nəfərlik ordunun və fədailər olaraq tanınan təxminən 15.000 iraqlı əsgərin itməsi bir çox qəzet və televiziyada xəbər olaraq yer aldı. Yuxarıdakı hədislərdə bu mövzuya diqqət çəkilməsi axırzaman əlamətlərindən biri olan “bir ordunun batması” hadisəsinin reallaşmış ola biləcəyini göstərir. Belə ki, sonrakı günlərdə də döyüş təyyarələrinin bir qisminin səhra qumlarının altına basdırılmış şəkildə tapılması hədisdə bəhs edilən səhrada ordunun batması hadisəsinin İraq ordusu ilə əlaqədar olma ehtimalını gücləndirir (Ən doğrusunu Allah bilir). Bu hədisi Peyğəmbərimizin (sav) “Ərəb yarımadasındakı yerə batma” hədisi ilə birlikdə düşünəndə yaşanan hadisə İraq müharibəsi zamanı baş verən bu fövqəladə vəziyyətə işarə edə bilər (Ən doğrusunu Allah bilir).

“BİR ORDU MÜHARİBƏ ÜÇÜN GƏLƏR, SƏHRAYA GİRƏNDƏ BAŞINDAKI VƏ SONUNDAKILAR BATAR, ORTADAKILAR DA XİLAS OLA BİLMƏZ”. (Hanbel, Tirmizi, İbni Mace, Ebu Davud'dan; Geleceğin Tarihi 4, s.30)


QİYAMƏT ƏLAMƏTLƏRİ ÜZƏRİNDƏ DÜŞÜNMƏYİN ƏHƏMİYYƏTİ

Dünyadakı insanların çox böyük hissəsi qiyamət saatının dəhşətindən az və ya çox xəbərdardır. Buna baxmayaraq, insanların bir qismi bu cür mühüm mövzu üzərində düşünmək və ya danışmaq istəmirlər. Qiyamət saatı gəldikdə yaşanacaq qorxunu ağıllarına gətirməmək üçün böyük səy göstərirlər. Qəzetdə oxuduqları təbiət hadisəsi ilə bağlı xəbərin və ya hər hansı bir fəlakəti göstərən filmin özlərinə qiyaməti xatırlatmasına belə dözə bilmirlər. Bu günün mütləq qarşılaşılacaq böyük həqiqət olduğunu düşünməkdən çəkinirlər.

Katrina fəlakətindən sonra da eyni şeylər yaşanmışdı. İnsanlar tez-tez bu böyük fəlakəti olduğundan daha kiçik göstərməyə çalışmış, yaşanan böyük fəlakət insanlara tərəfsiz şəkildə çatdırılmış, insanlar bu böyük dağıntıya qarşı maraqlarını qısa müddətdə itirmişlər. Yüz minlərlə insanın yaşadığı böyük dəhşəti insanlar lazımi şəkildə öyrənə bilməyiblər.

Halbuki, bütün bu fəlakətlər Rəbbimizdən xəbərdarlıq, öyüd-nəsihətdir. Bu fəlakətlər üzərində vicdanlarının səsini dinləyərək səmimi şəkildə düşünən insanlar dünya həyatının keçiciliyini asanlıqla dərk edəcək və Allaha yönəlib dönəcəklər. İslam əxlaqını yaşamaq üçün hələ gecikmədiklərini anlayacaq, qiyamət saatının qopacağı həqiqətinə etinasız yanaşan insanlar kimi olmayacaqlar. Qiyamət saatı ilə bağlı şübhəyə düşən, şəkk edən inkarçılar haqqında Rəbbimiz belə buyurur:

Sizə: “Allahın vədi haqdır və o Saata heç bir şəkk-şübhə yoxdur!” – deyildiyi zaman: “Biz o Saatın nə olduğunu bilmirik! Onun ancaq bir zənn olduğunu güman edirik. Biz buna əmin deyilik!” – deyirdiniz”. (Casiyə surəsi, 32)

Bir qisim insanlar da qiyamət saatını tamamilə inkar edirlər:

“Lakin onlar Qiyamət Saatını da yalan saydılar. Biz də onu yalan sayanlardan ötrü yandırıb-yaxan bir od hazırladıq”. (Furqan surəsi, 11)

Qiyamət haqqında özünü aldadan bütün bu insanlar böyük səhv edirlər. Çünki Allah ayələrində qiyamət saatının yaxın olduğunu və bu mövzuda heç bir şübhəyə yer olmadığını xəbər verir:
“Biz göyləri, yeri və onların arasında olanları yalnız haqq olaraq yaratdıq. O Saat mütləq gələcəkdir...” (Hicr surəsi, 85)

Daha əvvəl də qeyd etdiyimiz kimi axırzaman əlamətlərinin dövrümüzdən 1400 il əvvəl əskiksiz təsvir edilməsi və bir-birini izləyərək həyata keçməsi olduqca əhəmiyyətli mövzudur. Bu vəziyyət Peyğəmbərimizin (səv) 14 əsr əvvəl axırzamanda meydana gələcək mühiti ətraflı təsvir edərkən bu dövrə diqqət çəkdiyini anlamağımız üçün dəqiq dəlildir. Axırzamanla bağlı xəbərlər dövrümüzü qüsursuz təsvir edir. Əlbəttə ki, bu üzərində dərin düşünmək üçün olduqca möcüzəvi hadisədir.