Peyğəmbərimiz (səv) gözəl həyatı

Peyğəmbərimiz (səv) gülərüz idi və gülərüz olmağı tövsiyə edirdi.

Peyğəmbərimizin (səv) həyatının hər anında möminlər üçün çox gözəl nümunələr var. Hz. Məhəmmədin (səv) səhabələri ilə olan söhbətləri, onlara xitabları, zarafatları, uşaqlara olan sevgi və qayğısı, xanımlarına qarşı ədalətli, mehriban və diqqətli davranışı, həm ailəsinə, həm də bütün müsəlmanlara qarşı qoruyucu olması, gülər üzü, sevinci, şən əhval-ruhiyəsi, möminlərə olan bağlılığı və şəfqəti gözəl əxlaqın və ideal insan modelinin əhəmiyyətli nümunəsidir. Bu bölmədə Peyğəmbərimizin (səv) Allahın razı qaldığı gözəl həyatından nümunələr veriləcək.


(Əksəriyyəti yazıb-oxumaq bilməyən) ümmi ərəblərə özlərindən Elçi göndərən Odur. (Elçi) onlara (Allahın ) ayələrini oxuyar, onları (pis əməllərdən) təmizləyər, onlara Kitabı və Hikməti öyrədər. Halbuki onlar əvvəllər açıq-aydın azğınlıq içində idilər.
(Cümə surəsi, 2)

 

 

 

 

Hz. Əli (rə): "Onun gülərüz olması və hər kəsə nəzakətli davranışı sanki onu xalqın atası etmişdi. Hər kəs onun yanında və gözündə bərabər idi." 156

“Allahın Elçisi daima gülərüz, yumşaqxasiyyətli idi ...” 157

"Allahın Elçisi ... xalqın ən çox gülümsəyəni və ən sevinclisi idi." 158

Peyğəmbərimiz (səv) səhabələrinə da gülərüz olmalarını tövsiyə etmiş və belə demişdir:

"Sizlər insanları mallarınızla məmnun edə bilməzsiniz, onları gözəl üz və gözəl xasiyyətlə məmnun edə bilərsiniz."159


"Allah-Təala gülərüz və asanlaşdıran insanı sevər."160


Peyğəmbərimizin (səv) səhabələri ilə olan münasibəti və söhbəti

Peyğəmbərimiz (səv) ətrafındakı müsəlmanlarla çox yaxından maraqlanardı. Onların hər birinin imanı, davranışı, təmizliyi, sevinci, sağlamlığına diqqət yetirərdi. Hər birinin əskiklərini, ehtiyaclarını öyrənər, onların ehtiyaclarının təmin edilməsinə yardım edərdi. Söhbətlərində isə onlarla xoş davranar, könüllərini alardı. Səhabələr yanından sevinc və xoşbəxt ayrılardılar.

Ən yaxınlarından biri olan hz. Əli (rə) Peyğəmbərimizin (səv) söhbətlərindəki ab-havanı və səhabələri ilə olan münasibətini belə açıqlamışdır:

"Rəsulullah insanların ən əliaçığı, genişürəklisi, ən düzgün danışıq tərzi olanı, üzərinə düşən işi ən gözəl şəkildə yerinə yetirəni, ən mülayimi və ən gözəl söhbət edəni idi. Onu tanıyıb söhbətində iştirak edənlər onu çox sevirdilər. Onu təsvir edənlər: “Ondan əvvəl də, ondan sonra da onun kimi bir insan görmədim” deyərdi. Nə zaman ondan bir şey istənilsə, onu mütləq verirdi."161

"(Birlikdə) oturduğu kəslərin hər biri ilə maraqlanar, onlar arasında fərq qoymazdı. Ehtiyacı olduğu üçün onunla oturan və ya onu ayaqda tutan kimsəyə qarşı səbirli olar, o ayrılmadıqca özü onu tərk edib ayrılmazdı." 162

"Səhabələrindən ötrü darıxar, (görə bilmədiyi zaman) soruşardı. İnsanların vəziyyətlərinin necə olduğunu, işlərinin nə yerdə olduğunu da soruşardı. Gözələ gözəl, pisə pis deyərdi." 163

"Həmişə doğrunun tərəfində idi, haqsızlığı qəbul etməzdi. Yanına müvəqqəti olaraq girərdilər, onun yanından çıxdıqlarında qəlbləri rahatlamış və hüzur tapmış olaraq çıxardılar." 164

Gələn yad insanların düşüncəsiz davranışlarını səbirlə qarşılayardı. Səhabələr bəzən buna əsəbiləşərdilər, o isə onlara təskinlik verərək belə deyərdi : "Belə insanları gördükdə onları doğru yola çağırın!"165

"Heç kəsin sözünü kəsməz, bitirənə qədər gözləyərdi." 166

"... İnsanları bir-birinə sevdirəcək, bir-birlərinə doğmalaşdıracaq şeylərdən danışardı. Onları qorxuya salmaz, özündən uzaqlaşdırmazdı. Hər qövmün liderinə dəyər verər, hörmət göstərərdi ..." 167

Nəvəsi hz. Həsən (rə) Peyğəmbərimiz (səv) haqqında belə demişdir:

"Baxışları olduqca mənalı idi ... Mani (az sözlə çox məna ifadə edən) sözlərlə çox gözəl və yığcam danışardı. Sözlərində artıq-əskiklik olmazdı. 168

Öndə gedən insanlarla (başçılarla) da, sadə vətəndaşlarla da bərabər şəkildə danışardı. Onlardan heç bir şeyi gizləməzdi. "169

Əbu Zər (rə) Peyğəmbərimizin (səv) səhabələrinə qarşı sevgi dolu rəftarını belə izah etmişdir:
"Bir gün Peyğəmbərimizin yanına getdim. Bir divanda otururdu. Qalxdı məni qucaqladı. Bu qucaqlaması, həqiqətən, çox səmimi idi." 170

Əbu Hüreyrə (rə) isə hz. Məhəmmədin (səv) insanlara qarşı olduqca incə və gözəl rəftarını belə təsvir etmişdir:

"Allahın Rəsulunun əlini biri tutduqda o insan əlini buraxmadıqca əlini çəkməzdi. Onunla danışan hər kəsə baxar, danışan sözünü bitirmədən çöhrəsini çevirməzdi." 171

Peyğəmbərimiz (səv) səhabələrinin sıxıntıları ilə də yaxından maraqlanardı. Arıq olanların kökəlmələrini, kök olanların pəhriz saxlamalarını, yeməklərin faydalı olanlarını yemələrini tövsiyə edərdi. 172Məsələn, səhabələrin bəzi xəstəliklərində onlara bal şərbəti içmələrini tövsiyə etmişdir.173

Hz. Əbu Hüreyrənin (rə) dediyinə görə, bir gün o (Əbu Hüreyrə (rə)) huşunu itirdikdə Peyğəmbərimiz (səv) özü onu ayağa qaldırmış, evinə gətirmiş və ac olduğunu anlayaraq ona ilk öncə süd içirtmişdir.174


Məkkə, Kəbə, Kral Fəhd qapısı
Sizə özünüzdən elə bir Elçi gəldi ki, sizin əziyyətə düşməyiniz ona ağır gəlir. O sizə qarşı qayğıkeş, möminlərə şəfqətli, rəhmlidir.

(Tövbə surəsi, 128)

Peyğəmbərimiz (səv) səhabələri ilə zarafatlar edər, onlarla birlikdə gülərdi.

Səhabələrin danışdıqları əhvalatlardan məlum olduğu kimi, peyğəmbərimiz (səv) həm ailəsi, həm də səhabələri ilə tez-tez zarafatlar edər, onların etdikləri zarafatlara gülər və onlara gözəl adlar və ləqəblər qoyardı. Amma hər mövzuda olduğu kimi, zarafat mövzusunda da peyğəmbərimiz (səv) çox incə düşüncəli, vicdanlı və anlayışlı davranırdı. Peyğəmbərimizin (səv) zarafat mövzusunda səhabələrinə verdiyi tövsiyələrdən bəziləri belədir:



"Mən zarafat edirəm, amma yalnız doğru olanı deyirəm."
"Bir müsəlmanın müsəlman qardaşını qorxutması halal deyildir."
"Müsəlman qardaşınla münaqişə etmə, onu məsxərəyə qoyaraq zarafat etmə."
"Başqalarını güldürmək üçün yalan söyləyənə ar olsun."
"Qul zarafat da olsa, yalan söyləməkdən, doğru da olsa, münaqişə etməkdən çəkinmədikcə yaxşı bir mömin olmaz."
"Zarafat da olsa, yalan söyləməyin." 175


Peyğəmbərimizin (səv) sevgi ilə bağlı tövsiyələri

Peyğəmbərimizin (səv), xüsusilə, üzərində dayandığı ən vacib məsələlərdən biri möminlərin bir-birlərini heç bir mənfəət güdmədən, səmimi qəlbdən sevmələri və bir-birlərinə qarşı kin, nifrət və qısqanclıq kimi mənfi hislər bəsləməmələri idi. Peyğəmbərimiz (səv) həm bu mövzuda möminlərə ən gözəl nümunə olmuş, həm də onlara bu mövzularda tez-tez tövsiyələr vermişdir.

Allah bu mövzuda Quranda belə buyurur:

İman gətirib yaxşı işlər görən qullarına Allahın müjdə verdiyi (nemət) budur. De: “Mən sizdən bunun əvəzində yaxınlıq sevgisindən başqa bir şey istəmirəm”. Kim bir yaxşılıq etsə, onun savabını artırarıq. Həqiqətən, Allah Bağışlayandır, şükrün əvəzini verəndir. (Şusa surəsi, 23)

Peyğəmbərimizin (səv) sevgi, dostluq və qardaşlıq haqqındakı hədisi şəriflərindən bəziləri belədir:
"Mömin özü üçün istədiyini qardaşı üçün də arzulayar." 176

"Bir-birinizə hədiyyələr verin, bir-birinizi sevin. Bir-birinizə yeməklər təklif edin. Bu, ruzinizi artırar." 177
"Bir-birinizi ziyarət edin, bir-birinizə hədiyyələr verin. Çünki ziyarət sevgini möhkəmləndirər, hədiyyə də qəlbdəki pis duyğuları söküb atar." 178

"Bir-birinizi qısqanmayın, bir-birinizə qarşı kin tutmayın, bir-birinizə çirkin sözlər deməyin, bir-birinizə arxanızı çevirməyin, bir-birinizin qeybətini etməyin. Ey Allahın qulları, qardaşlar olun." 179

"Sizdən əvvəlki cəmiyyətlərin dərdini sizə də keçdi: Həsəd və kin. Kin bəsləmək insanı çökdürər. Allaha and olsun ki, iman gətirmədikcə cənnətə girə bilməzsiniz. Bir-birinizi sevmədikcə iman gətirmiş sayılmazsınız. Sizə bir-birinizi sevəcəyiniz bir şeyi xəbər verimmi? Aranızda salamı yayın." 180


Peyğəmbərimizin uşaqlara qarşı diqqət və şəfqəti

Peyğəmbərimiz hz. Məhəmmədin (səv) bəşəriyyətə nümunə olan şəfqəti, mərhəməti və möminlərə olan bağlılığı uşaqlara olan münasibətində də özünü göstərirdi. Peyğəmbərimiz (səv) həm öz uşaqları və nəvələri ilə, həm də səhabələrinin uşaqları ilə çox yaxından maraqlanmış, doğumlarından onlara ad qoyulmasına qədər, səhhətlərindən elmlərinin artmasına, geyimlərindən oynadıqları oyunlara qədər hər mövzuda onlara tövsiyələr vermiş, şəxsən özü onları istiqamətləndirmişdir.

Məsələn, Peyğəmbərimiz (səv) qızı hz. Fatiməyə (ra) hər iki nəvəsi doğulmamışdan əvvəl "Uşaq doğulduqda mənə xəbər vermədən ona heç bir şey etməyin" 181deyə xəbər vermişdir. Uşaqların doğulmasından sonra isə onların necə qidalanacağı, baxılacağı və qorunacağı ilə şəxsən özü yaxından maraqlanmışdır.

Peyğəmbərimiz (səv) həmçinin yeni doğulan körpələrə, uşaqlarına, nəvələrinə və səhabələrinin uşaqlarına da hər zaman dua etmişdir. Onlara sevgi göstərərkən və ya oyunlarını seyr edərkən onlar üçün Allahdan xeyirli və uzun ömür, elm, hikmət və iman istəmişdir. Məsələn, nəvələri hz. Həsən və hz. Hüseynə hər zaman dua etmiş və bu duasının hz. İbrahimin hz. İshaq və hz. İsmail üçün etdiyi dua olduğunu bildirmişdir. 182

Səhabələrindən İbn Abbas (ra) uşaq vaxtı peyğəmbərimizin (səv) ona "Allahım, buna hikmət öyrət" deyə dua etdiyini bildirmişdir. Peyğəmbərimiz (səv) səhabələrindən Ənəsə (ra) isə uşaq vaxtı Allaha Ənəsin (ra) malını və övladını çox, ömrünü də uzun etməsi, verdiklərinin onun haqqında xeyirli və mübarək olması üçün dua etmişdir.183

Peyğəmbərimiz uşaqların oyunlarına da çox diqqət yetirmiş, bəzən onlarla oyun oynamışdır. Hz. Peyğəmbər (səv) "Uşağı olan onunla uşaq kimi olsun" 184deyərək ana-atalara uşaqlarını şəxsən özlərinin əyləndirmələrini tövsiyə etmişdir. Peyğəmbərimiz (səv) uşaqların üzgüçülük, qaçış, güləş kimi oyun və idmanlarla məşğul olmalarını da tövsiyə etmiş, hətta nəvələrini və ətrafındakı uşaqları da buna təşviq etmişdir.

Bir çox səhabə peyğəmbərimizin uşaqları necə sevdiyini, onlarla necə maraqlandığını və oyunlar oynadığını bildirmişdir. Bunlardan bəziləri belədir:

Hz. Ənəs (ra):

"Rəsulullah (əleyhissalatu vəssalam) uşaqlarla ən çox zarafat edən insan idi." 185
Əl-Bera (ra):
"Həsəni Peyğəmbər (sallallahu aleyhi və səlləmin) çiynində ikən gördüm..." 186

"Peyğəmbərimiz (səv) qızı Fatiməyə (ra) belə deyirdi: “Oğullarımı (Həsən və Hüseyni) yanıma çağır!” Sonra isə onları qucaqlayıb qoxulayardı."187

Yala İbni Mürrə (rə) Peyğəmbərimizin (səv) uşaqlara qarşı olan sevgisinə, onlarla necə zarafat etdiyinə aid bunları söyləmişdir:

“Bir qrup əshabə Rəsulullahla birlikdə əleyhissalatu vəssəlamın dəvət edildiyi bir ziyafətə getdilər. Yolda nəvəsi Hüseynə rast gəldilər, uşaqlarla oynayırdı.

“Rəsulullah (səv) uşağı görən kimi irəliləyib camaatın qarşısına keçdi və onu tutmaq üçün əllərini açdı. Uşaq isə sağa-sola qaçmağa başladı. Rəsulullah da onu təqlid edərək sağa-sola qaçdı, tutana qədər arxasınca qaçdı. Tutan kimi bir əlini çənəsinin altına, digərini isə alnına qoyaraq öpdü və “Hüseyn məndəndir. Mən də Hüseyndənəm. Kim Hüseyni sevərsə, Allah da onu sevsin. Hüseyn övladlardan bir övladdır (nəvə)” deyə buyurdu.” 188
Hz. Ənəsin (rə) bildirdiyinə görə Rəsulullah (səv) “dünyadakı iki reyhanım” dediyi nəvələri Həsən və Hüseyni tez-tez yanına çağırıb onları qoxlar və bağrına basardı.189

İbni Rəbi’ati’Ibni’l Haris (rə) deyir:

“Atam məni, Abbas (rə) oğlu əl-Fadlı (rə) Rəsulullaha göndərdi. Hüzuruna gedəndə bizi sağda və solda oturtdu və bizi elə qucaqladı ki, daha qüvvətlisini görmədik.” 190

Rəsulullah (səv) uşaqlara qarşı olan sevgisini göstərərkən tez-tez onların başlarını oxşayardı və onlara dua edərdi. Məsələn, Yusif İbni Abdillah İbni Salam (rə) “Hz. Peyğəmbər (səv) məni Yusif deyə adlandırdı, başıma sığal çəkdi” dedi. Əmr İbni Hureys (rə) isə anasının onu hz. Peyğəmbərin (səv) hüzuruna apardığını, Rəsulullahın (səv) onun başını tumarlayaraq bol ruziyə qovuşması üçün dua etdiyini, Abdullah İbni Utbə (rə) də beş-altı yaşlarında ikən Peyğəmbərimiz başını oxşayaraq, soyu və bərəkəti üçün dua etdiyini xatırladığını bildirir.191 191

Hz. Muhəmmədin (səv) uşaqlara qarşı qayğıkeş və sevgi dolu rəftarını Əbu Hüreyrə (rə) də bu şəkildə bildirmişdir:

“Meyvənin ilk yetişəni gətirildiyi zaman Rəsulullah (səv) belə deyərdi: ‘Allah’ım bizə, Mədinəmizə, meyvələrimizə, çəki və ölçülərimizə qat-qat bərəkət ver.’ Sonra meyvəni orada ən az yaşı olana verərdi.”192

Uşağa qarşı mülayim davranmaq Allah Rəsulunun adətlərindəndi. Allah Rəsulu bir səfərdən qayıdanda uşaqlar onları qarşılayardılar. Allah Rəsulu da səhabələrinə uşaqları qaldırmalarını əmr edərdi. Onlar da bəzisi Allah Rəsulunun önünə, bəzisini tərkinə mindirir və bəzilərini də özləri yəhərlərinə oturdardılar.”193

“Rəsulullah (səv) hz. Fatimənin evinin həyətinə gəldi və oturdu. ‘Burada uşaq varmı?’ deyə soruşdu. Hz. Fatimənin övladı (Rəsulullahın nəvəsi) cəld qaçaraq gəldi və Rəsulullahın boynuna sarıldı. Rəsulullah uşağı öpdü.” 194

“Uşaqlarla o qədər iç-içə olmuşdu ki, bir dəfə yarışan uşaqları gördü və onların sevincinə qoşulmaq üçün birlikdə qaçdı.” 195

Cabir İbni Səmürə (rə) də eyni mövzunu bu sözlərlə ifadə etmişdir:

“Rəsulullah əleyhissəlatu vəssəlamla birlikdə ilk namazı qıldım. Sonra əleyhissəlatu vəssəlam əhlinə getdi. Onunla birlikdə mən də çıxdım. Onu bir neçə uşaq qarşıladı. Birdən onların yanaqlarını tək-tək oxşamağa başladı. Mənim yanağımı da oxşadı. Əlində bir sərinlik və xoş bir ətir hiss etdim.”196

Qız uşaqlarının doğulan kimi öldürüldüyü bir dövrdə peyğəmbər kimi vəzifələndirilən hz. Muhəmməd (səv) qız uşaqlarını da oğlan uşaqlarından ayırmamaq lazım olduğunu, qız uşaqlarının öldürülməsinin günah olduğunu bildirmiş və hər birinə bərabər sevgi və qayğı göstərərək cəmiyyətə də gözəl bir nümunə olmuşdur. Peyğəmbərimizin (səv) qız uşaqlarındakı gözəl xüsusiyyətləri vurğuladığı sözlərdən biri budur:
“Qız nə gözəl övladdır. Şəfqətli, yardımsevər, sevimli, mübarək və analıq hissi ilə doludur.”197
Peyğəmbərimiz (səv) sevgisini həm sözləri ilə, həm də davranışı ilə göstərirdi. Uşaqlara onları sevdiyini söyləyərdi.198

Peyğəmbərimiz (səv) uşaqlara olan şəfqətində heç bir ayrı-seçkilik etməzdi. Öz uşaqlarına və nəvələrinə göstərdiyi sevgi və mərhəmətin eynisini digər səhabə övladlarına da göstərirdi. Xalid ibn Səid (rə) Peyğəmbərimizin (səv) ziyarətinə gələndə yanında kiçik qızı da var idi. Həbəşistanda doğulduğu üçün Peyğəmbərimiz (səv) ona ayrı bir yaxınlıq göstərirdi. Bir dəfə Peyğəmbərimizin (səv) əlinə işləməli parça keçmişdi. Hz. Xalidin qızını çağırtdı və ona verdi. Sevindirdi.

Cemre o vaxtlar balaca uşaq idi. Atası onu Peyğəmbərimizin (səv) hüzuruna aparır və deyərdi ki: “Ya Rəsulullah bu qızım üçün Allah’a bərəkətlə dua edərsənmi?” Peyğəmbərimiz (səv) Cemreni qucağına oturtdu, əlini başına qoydu və bərəkətlə dua etdi.

“Rəsulullah bir dizinə məni, bir dizinə də nəvəsi Həsəni oturdur, sonra ikimizi birdən bağrına basır və ‘Ya Rəbb, bunlara rəhm et. Çünki mən bunlara qarşı mərhəmətliyəm’ deyərək dua edirdi.”199

Bəziləri Peyğəmbərimizin (səv) uşaqlarla oyun oynamasını, onlarla maraqlanmasını başa düşmürdülər. Bir dəfə Akra ibn Habis (rə) Peyğəmbərimizi (səv) hz. Həsəni öpərkən gördü və belə dedi:

“Mənim on övladım var. Bu günə qədər heç birini öpmədim.” Bunu eşidən Peyğəmbərimiz “Mərhəmət etməyənə mərhəmət olunmaz” deyə buyurdu.”200

Peyğəmbərimiz mübarək övladı hz. İbrahimi də süd anasının evində tez-tez ziyarətə gedir, şəfqət və mərhəmətini göstərərək başını oxşayır, bağrına basırdı. Peyğəmbərimizin xidmətçisi hz. Ənəs (rə) bununla bağlı bir xatirəsini belə ifadə etmişdir:

“Mən ev əhlinə Rəsul-i Əkrəmdən (səv) başqa daha şəfqətli, daha mərhəmətli davranan birini görmədim. İbrahim Mədinənin Avali bölgəsində süd anasının yanında ikən Peyğəmbərimiz (səv) onu görməyə gedir, biz də yanında olurduq... Peyğəmbərimiz (səv) içəri girir, oğlunu götürür, öpür, sonra geri qayıdırdı... Yenə bir gün gedəndə Rəsulullah övladını gətirtdi, bağrına basdı. Ona bəzi sözlər söylədi, onunla söhbət etdi.” 201

Həzrəti Əli nəql edir:

“Peyğəmbərimiz bizə ziyarətə gəlmişdi. O gecə bizdə qaldı. Həsən və Hüseyn də yuxudaydılar. Birdən Həsən su istədi. Peyğəmbərimiz tez qalxdı və su tuluğundan bir fincan su götürdü, uşağa verdi...”202
Həmçinin, Peyğəmbərimiz (səv) möminlərə uşaqları arasında da ədalətli olmağı xatırlatmış və belə buyurmuşdur:

“Allah’dan qorxun. Övladlarınızın sizə qarşı itaətkar olmasını istədiyiniz kimi siz də onların arasında ədalətlə rəftar edin.” 203

“Allah hər cəhətdən uşaqlar arasında ədalətli rəftarınızı sevir”204

Peyğəmbərimiz (səv) uşaqların təhsil almasının və gözəl əxlaqla tərbiyə olunmasının üzərində dayanmış və bu mövzuda bir çox tövsiyə verərək yol göstərmişdir. Peyğəmbərimizin (səv) bu mövzudakı sözlərindən bəziləri belədir:

“Bir ata övladına gözəl əxlaqdan daha dəyərli bir miras qoya bilməz.” 205

“Uşağın atası üzərindəki hüquqlarından biri adını və ədəbini gözəl etməsidir.” 206

“Övladlarınıza ehtiram göstərin və tərbiyələrini gözəlləşdirin...” 207

Peyğəmbərimiz hz. Muhəmməd (səv) hər mövzuda olduğu kimi, uşaqlarla maraqlanması, onlara göstərdiyi sevgi və şəfqətlə möminlərə ən gözəl nümunədir. Peyğəmbərimiz (səv) “Kiçiklərimizə şəfqət göstərməyən ... bizdən deyildir” 208 deyərək, uşaqlara göstərilən şəfqətin əhəmiyyətini bildirmişdir.


Peyğəmbərimizin xanımları möminlərin anasıdır:

Peyğəmbərimizin xanımları bütün möminlərin anası, bütün müsəlman qadınlara nümunə, təqvalı möminlərdir. Quranda, hədislərdə və peyğəmbərimizin həyatı haqqındakı rəvayətlərdə hz. Muhəmmədin (səv) xanımlarının xasiyyətləri, imanları, Peyğəmbərimizə (səv) necə köməkçi olduqları, etdikləri təbliğ və gözəl əxlaqları haqqında bir çox məlumat verilmişdir.

Quranda Peyğəmbərimizin xanımları haqqında verilən məlumatlardan biri onların bütün möminlərin anası olmasıdır:

Peyğəmbər möminlərə onların özlərindən daha yaxındır. Zövcələri isə möminlərin analarıdır... (Əhzab surəsi, 6)

Başqa bir ayədə isə Allah möminlərə Peyğəmbərimizdən (s.v) sonra onun xanımlarını nigahlamağı qadağan etmişdir. Ayə belədir:

... Sizə Allah’ın Elçisini narazı salmaq, vəfatından sonra onun həyat yoldaşları ilə izdivac etmək qətiyyən yolverilməzdir. Həqiqətən, bu, Allah yanında böyük günahdır. (Əhzab surəsi, 53)

Quranın bəzi ayələrində isə Peyğəmbərimizin (səv) xanımlarının digər qadınlar kimi olmadıqları bildirilmiş və onların necə rəftar etməli olduqları xəbər verilmişdir. Ayələrdə belə buyurulur:

“Ey Peyğəmbərin zövcələri! Siz hər hansı bir qadın kimi deyilsiniz. Əgər Allah’dan qorxursunuzsa, yad kişilərlə nazlana-nazlana danışmayın, yoxsa qəlbində xəstəlik olan tamaha düşər. Şəriətə müvafiq qaydada danışın. Evlərinizdə qərar tutun! İlk cahiliyyə dövründə olduğu kimi açıq-saçıq gəzməyin. Namaz qılın, zəkat verin, Allah’a və Onun Elçisinə itaət edin. Ey ev əhli! Allah sizdən günahınızı silib aparmaq və sizi tərtəmiz etmək istəyir.” (Əhzab surəsi, 32-33)

Mübarək Peyğəmbərimizin (səv) təqvalı xanımlarının ayələrdə bildirilən davranışları, yəni sözü düzgün, ağıla və vicdana uyğun şəkildə söyləmələri, təmkinli rəftarları, çəkinmələri, ibadətləri və Peyğəmbərimizə itaətdə diqqətli olmaları, Quranı və Peyğəmbərimizin (səv) sünnəsini çox yaxşı bilmələri bütün mömin qadınlara nümunədir.


“Biz bu Quranı sənə vəhy etməklə sənə ən gözəl hekayəti danışırıq. Halbuki sən bundan əvvəl xəbərsiz olanlardan idin.”

 

 

 

 

Allah ayələrində Peyğəmbərimizin (səv) xanımlarının mükafatlarının ikiqat veriləcəyini belə bildirmişdir:
“Ey Peyğəmbərin zövcələri! Sizlərdən hər kim açıq-aşkar bir çirkin iş görsə, onun əzabı ikiqat artar. Bu, Allah üçün asandır. Sizlərdən hər kim Allaha və Onun Elçisinə itaət edib yaxşı işlər görsə, ona mükafatını ikiqat verərik. Biz onun üçün bol ruzi hazırlamışıq.” (Əhzab surəsi, 30-31)


“O, öz istəyi ilə danışmır. Bu, ona təlqin edilən bir vəhydir.”
(Nəcm surəsi, 3-4)
“Muhəmməd Allah’ın Elçisidir. Onunla birlikdə olanlar kafirlərə qarşı sərt, öz aralarında isə mərhəmətlidirlər...”
(Fəth surəsi, 29)

 

 

 

 

“...Əgər Allah istəsəydi, sizi tək bir ümmət edərdi. Lakin başqa-başqa olmanız sizə verdikləri ilə sizi imtahan etməsi üçündür. Yaxşı işlər görməkdə bir-birinizlə yarışın. Hamınızın qayıdışı Allaha olacaq və O, ziddiyyətə düşəcəyiniz şeylər barəsində sizə xəbər verəcəkdir.”

(Maidə surəsi, 48)

 

 

 

 

Peyğəmbərimizin mübarək xanımlarından birincisi hz. Xədicədir (rə). Hz. Xədicə həm də ilk müsəlmanlardandı. Peyğəmbərimiz (səv) ilk vəhyi aldıqda dərhal ona söyləmişdi. Ağlı, fərasəti, bəsirəti və hikməti ilə tanınan hz. Xədicə dərhal iman gətirmiş və o gündən sonra Peyğəmbərimizə (səv) böyük dəstək olmuş, Quran əxlaqının yayılması üçün maddi və mənəvi olaraq böyük səy göstərmişdir.

Peyğəmbərimizin (səv) həzrəti Sudə, həzrəti Aişə, həzrəti Hafsa, həzrəti Zeynəb, həzrəti Ümmü Sələmə, həzrəti Cuveyriyə, həzrəti Ümmü Həbibə, həzrəti Safiyə, həzrəti Məymunə kimi adları zikr edilən digər xanımları da fədakarlıqları, səbirləri və Peyğəmbərimizə olan bağlılıqları ilə səhabələrə nümunə olmuşlar.

Peyğəmbərimiz (səv) həm xanımları, həm də uşaqları ilə yaxından maraqlanmış, onların imanlarını, sağlamlığını, xoşbəxtliyi və elmlərini artırmalarına vəsilə olmuşdur. Rəvayətlərdə Peyğəmbərimizin (səv) xanımları ilə oyunlar oynadığı, qaçış yarışına çıxdığı da bildirilir. Səhabələr "Peyğəmbər (səv) xanımları ilə ən çox zarafat edən insan idi” 209deyərək Peyğəmbərimizin (səv) xanımlarına olan diqqətini xəbər vermişlər.

Eyni zamanda hz. Aişədən (rə) gələn rəvayətə görə Peyğəmbərimiz “Xanımlarına qarşı insanların ən mülayimi, ən alicənabı, gülər üzlüsü və təbəssümlü olanı idi.”210

Peyğəmbərimizin məlum olan digər xüsusiyyəti isə xanımları arasında son dərəcə ədalətli olmasıdır. Hətta rəvayətlərdə xanımlarını ziyarətini bərabər böldüyü bildirilir. Bu mövzuda hz. Aişə (rə) belə deyib:

“Rəsulullah (səv) gecə bölgüsünə riayət edir və deyirdi ki: “Ey Allah’ım. Bu bölgü mənim qüdrətimdə olarkən etdiyim bölgüdür. Sənin gücün çatıb, mənim gücüm çatmayan şeyə görə məni mühakimə etmə.” 211
Hz. Ənəs (rə) bildirir:

“Rəsulullahın (səv) yanında doqquz xanımı vardı. Xanımlarına ziyarətini növbəyə qoyardı. Birinci xanımına ikinci ziyarəti doqquz gün sonra olurdu. Xanımları hər axşam Rəsulullahın həmin gün gələcəyi otaqda toplaşırdılar.”212

Peyğəmbərimiz bir çox ifadəsində də mömin qadınların nə qədər dəyərli varlıqlar olduqlarını bildirmişdir. Məsələn, bir sözündə “Dünya bir zövqdür. dünya nemətinin ən xeyirlisi saleh qadındır” 213 dediyi bildirilir.

Peyğəmbərimiz əshabına da xanımlarına qarşı necə rəftar etməli olduqlarını izah etmişdir:
“Ən yetkin imanlı mömin əxlaqı ən gözəl və ailəsinə qarşı ən incə, lütfkar davranandır.” 214
“Ən xeyirliniz, qadınlarınıza ən xeyirli olandır. Mən xanımlarıma qarşı sizlərdən ən yaxşısıyam.”215


Allaha və Onun Elçisinə itaət edənlər Allahın onlara nemət olaraq bəxş etdiyi peyğəmbərlərlə, sidq ürəkdən inananlarla, şəhidlərlə və əməlisalehlərlə birlikdə olacaqlar. Onlar necə də gözəl dostlardır.

(Nisa surəsi, 69)

 

 

 

 

Mənbə:

188- Kütüb-i Sitte Muhtasarı Tercüme ve Şerhi, Prof. Dr. İbrahim Canan, 16. cilt, Akçağ Yayınları, Ankara, s.519
189- Kütüb-i Sitte, Muhtasarı Tercüme ve Şerhi, Prof. Dr. İbrahim Canan, 2. cilt, Akçağ Yayınları, Ankara, s. 508
190- Kütüb-i Sitte, Muhtasarı Tercüme ve Şerhi, Prof. Dr. İbrahim Canan, 2. cilt, Akçağ Yayınları, Ankara, s. 508
191- Kütüb-i Sitte, Muhtasarı Tercüme ve Şerhi, Prof. Dr. İbrahim Canan, 2. cilt, Akçağ Yayınları, Ankara, s. 509
192- Haydar Hatipoğlu, Sünen-i İbni Mace Tercemesi ve Şerhi, Kahraman Yayınları, 9. cilt, İstanbul 1983, s. 82
193- Kütüb-i Sitte, Muhtasarı Tercüme ve Şerhi, Prof. Dr. İbrahim Canan, 2. cilt, Akçağ Yayınları, Ankara, s. 510
194- Konyalı Mehmed Vehbi, Tam Metni Sahih-i Buhari, 2. cilt, Üçdal Neşriyat, İstanbul 1993, s.411
195- http://www.sevde.de/Pey-ornek/peygamberimizin-ahlaki.htm
196- Müslim, Fezail 80, (2329); Kütüb-i Sitte, Muhtasarı Tercüme ve Şerhi, Prof. Dr. İbrahim Canan, 15. cilt, Akçağ Yayınları, Ankara, s.369
197- Vesail, Ebvab-ı Ahkam-ül-Evlad, 4.bab, 4.haber-Meşkiniden naklen; Hüseyin Hatemi, İlahi Hikmette Kadın, Birleşik Yayıncılık, 4. baskı, İstanbul, 1999, s. 72
198- Kütüb-i Sitte, Muhtasarı Tercüme ve Şerhi, Prof. Dr. İbrahim Canan, 2. cilt, Akçağ Yayınları, Ankara, s.511
199- Kütüb-i Sitte, Muhtasarı Tercüme ve Şerhi, Prof. Dr. İbrahim Canan, 2. cilt, Akçağ Yayınları, Ankara, s.508
200- Kütüb-i Sitte, Muhtasarı Tercüme ve Şerhi, Prof. Dr. İbrahim Canan, 2. cilt, Akçağ Yayınları, Ankara, s.507
201- Müsned, 4:194; Müslim, 4:1807, Kütüb-i Sitte, Muhtasarı Tercüme ve Şerhi, Prof. Dr. İbrahim Canan, 2. cilt, Akçağ Yayınları, Ankara, s. 506-507
202- http://www.sevde.de/Pey-ornek/peygamberimizin-ahlaki.htm
203- G.Ahmed Ziyaüddin, Ramuz El Hadis, 1. cilt, Gonca Yayınevi, İstanbul, 1997, 13/10
204- Kütüb-i Sitte, Muhtasarı Tercüme ve Şerhi, Prof. Dr. İbrahim Canan, 2. cilt, Akçağ Yayınları, Ankara, s.498
205- Kütüb-i Sitte, Muhtasarı Tercüme ve Şerhi, Prof. Dr. İbrahim Canan, 2. cilt, Akçağ Yayınları, Ankara, s.512
206- Kütüb-i Sitte, Muhtasarı Tercüme ve Şerhi, Prof. Dr. İbrahim Canan, 2. cilt, Akçağ Yayınları, Ankara, s.512
207- Kütüb-i Sitte, Muhtasarı Tercüme ve Şerhi, Prof. Dr. İbrahim Canan, 2. cilt, Akçağ Yayınları, Ankara, s.515
208- Kütüb-i Sitte, Muhtasarı Tercüme ve Şerhi, Prof. Dr. İbrahim Canan, 2. cilt, Akçağ Yayınları, Ankara, s.506
209- Hasan B. Süfyan Müsnedi'nde aktarılmıştır; Huccetü'l İslam İmam Gazali, İhya'u Ulum'id-din, 2. cilt, Çeviri: Dr. Sıtkı Gülle, Huzur Yayınevi, İstanbul 1998, s.105
210- G.Ahmed Ziyaüddin, Ramuz El Hadis, 2. cilt, Gonca Yayınevi, İstanbul, 1997, 531/7
211- Ebu Davud., nikah 39, (21347); Tirmizi. Nikah 42, (11407); Kütüb-i Sitte, Muhtasarı Tercüme ve Şerhi, Prof. Dr. İbrahim Canan, 16. cilt, Akçağ Yayınları, Ankara, s. 66
212- Müslim, Rada 46, (1462); Kütüb-i Sitte, Muhtasarı Tercüme ve Şerhi, Prof. Dr. İbrahim Canan, 16. cilt, Akçağ Yayınları, Ankara, s. 68
213- Müslim, Rada 64, (1467); Nesai, Nikah 15, (6,69); Kütüb-i Sitte, Muhtasarı Tercüme ve Şerhi, Prof. Dr. İbrahim Canan, 15. cilt, Akçağ Yayınları, Ankara, s. 514
214- Nesai, Tirmizi ve Hakim'in de yaklaşık anlamda rivayetleri vardır.; Huccetü'l İslam İmam Gazali, İhya'u Ulum'id-din, 2. cilt, Çeviri: Dr. Sıtkı Gülle, Huzur Yayınevi, İstanbul 1998, s.105
215- Tirmizi; Huccetü'l İslam İmam Gazali, İhya'u Ulum'id-din, 2. cilt, Çeviri: Dr. Sıtkı Gülle, Huzur Yayınevi, İstanbul 1998, s.10