Rəsulullahın (səv) yolu İslam dünyası üçün bir nurdur

Ona iman gətirən, onu dəstəkləyən, ona kömək edən və onunla göndərilmiş nurun (Quranın) ardınca gedənlər isə nicat tapanlardır. (Əraf surəsi, 157)

Sonsuz rəhmət sahibi olan Allah Quran vasitəsilə insanlara doğrunu səhvdən ayıracaq, onları qaranlıqlardan aydınlığa çıxaracaq yol göstərmişdir. İman gətirən hər kəs üçün Quranı oxuyub anlamaq və həyatlarına tətbiq etmək son dərəcə əhəmiyyətli məsuliyyətdir və hər mömin bunun üçün ciddi səy göstərməlidir. Möminlərin bu mühüm vəzifəni yerinə yetirmələrinə kömək edən ən böyük asanlıq və rəhmət isə Peyğəmbərimizin (səv) dəyərli sünnələridir.

İslam dini Rəbbimizin " ... Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım və bir din olaraq sizin üçün İslamı bəyənib seçdim ..." (Maidə surəsi, 3) ayəsi ilə də bildirdiyi kimi, son haqq dindir. Peyğəmbərimiz hz. Muhamməd (səv) də Allahın "Allahın Elçisi sizlərə - Allaha və Axirət gününə ümidini bağlayanlara və Allahı çox zikr edənlərə gözəl nümunədir" (Əhzab surəsi, 21) ayəsi ilə əxlaqını bütün insanlara nümunə göstərdiyi mübarək şəxsdir.

Uca Allahın seçdiyi və Quranı nazil etdiyi Peyğəmbərimiz (səv) imanı, təqvası və elmi ilə bütün insanlara nümunədir. Səbri, təvəkkülü, cəsarəti, Allaha bağlılığı və yaxınlığı, ədaləti, möminlərə olan mərhəməti, sevgisi və şəfqəti, fərasəti və bəsirəti ilə üstün əxlaqa malikdir. Peyğəmbərimizin (səv) dərin imanından irəli gələn bu xüsusiyyətlərini Allaha könüldən itaət edən möminlər nümunə götürməlidirlər. Çünki Quran əxlaqını öyrənmək və yaşamaq istəyənlər üçün Peyğəmbərimizin (səv) yaşadıqları və sünnələri çox qiymətli rəhbərdir.

Peyğəmbərimizin (səv) İslamdakı yerini doğru anlamaq

Hz. Muhəmmədin (səv) sünnəsinə lazımınca əhəmiyyət verməyənlər bu müqəddəs peyğəmbərimizin İslam dinindəki yerini dərk etmirlər. Peyğəmbərimiz (səv) ticarətdən sağlamlığa, ictimai həmrəylikdən təhsilə qədər hər mövzuda bizi məlumatlandırmışdır. Peyğəmbərimizin (səv) sünnəsindəki ən diqqətəçarpan xüsusiyyət asan olmasıdır. "Asanlaşdırın, çətinləşdirməyin. Müjdələyin, nifrət etdirməyin" (Buxari) hədisi bu gerçəyi təsdiq edir. Hz. Muhəmmədin (səv) xanımı hz. Aişə isə səhabələrinə daim asanlıqla öhdəsindən gələ biləcəkləri əməlləri buyurduğunu ifadə etmişdir. Buna görə Peyğəmbərimizin (səv) sünnəsini hər insan asanlıqla yaşaya bilər. İslam dünyasının geriləməsinin əsas səbəblərindən biri də Allahın kitabından və Peyğəmbərimizin (səv) sünnəsindən ayrı düşməsidir. Möminlər eyni Peyğəmbərin ümməti olduqlarını dərk edib ona layiq ümmət olmağa çalışdıqları zaman İslam coğrafiyasındakı sabitliksizliyin sona çatması gözlənilə bilər. Buna görə də müsəlmanların tək çıxış yolu Allahın kitabına və Peyğəmbərimizin (səv) sünnəsinə tabe olmaqdır.


Rəsula itaət Allaha itaətdir

Uca Allahın göndərdiyi hər elçi Allahın əmr və qadağalarını təbliğ edir, Allahın sözlərini insanlara çatdırır. Allah insanlara bu müqəddəs elçilərinə tabe olmağı əmr edir. Uca Allah ayəsində dinini təbliğ etməsi üçün göndərdiyi peyğəmbərlərə itaətin Özünə itaət olduğunu belə bildirir:

Kim Peyğəmbərə itaət edərsə, Allaha itaət etmiş olar, kim üz çevirərsə (bil ki), Biz səni onlara gözətçi göndərməmişik. (Nisa surəsi, 80)

Bundan başqa, Rəbbimiz möminlərə anlaşılmazlığa düşdükləri mövzularda yol göstərici kimi Quranı və Peyğəmbərimizin (səv) sünnələrini əsas götürmələrini əmr etmişdir. Uca Allahın Qurani Kərimdə bu mövzu ilə əlaqədar bildirdiyi ayə belədir:

Xeyr! Sənin Rəbbinə and olsun ki, onlar öz aralarında baş verən çəkişmələrdə səni hakim hesab etməyincə, sonra da verdiyin hökmlərə görə özlərində bir sıxıntı duymadan tam təslim olmayınca iman gətirmiş olmazlar. (Nisa surəsi, 65)

Gerçək sünnə Quranın tətbiq edilməsidir. Buna görə Quranın həyata keçirilmiş tərzi olan Peyğəmbərimizin (səv) sünnəsinə mömin kişi və qadınların itaətsizlik etmə haqqı yoxdur. Uca Allah başqa bir ayədə də belə buyurur:

Allah və Onun Elçisi bir işə hökm verdiyi zaman heç bir mömin kişi və mömin qadın öz işlərində istədikləri qərarı verə bilməzlər. Allaha və Onun Elçisinə asi olan kəs, əlbəttə ki, açıq-aydın azğınlığa düşmüşdür. (Əhzab surəsi, 36)


Müsəlmanların Peyğəmbərimizə (səv) bəslədikləri dərin sevgi

Hökm və hikmət sahibi olan Rəbbimiz yer üzündəki elçisinə duyulan sevginin Özünə duyulan sevgiyə də dəlil olacağını "De: “Əgər siz Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Allah bağışlayandır, mərhəmətlidir!" (Ali İmran surəsi, 31) ayəsi ilə bildirmişdir. Buna görə də Allaha itaətin göstəricilərindən biri Rəsulullahın (səv) sünnəsinə uyğun yaşamaqdır. Heç bir mömin Rəsulullaha (səv) itaətsizlik etməz. Peyğəmbərimiz (səv) sünnəyə tabe olanları belə müjdələyir:

“... Kim mənim sünnəmi canlandırsa, deməli, məni sözsüz sevir. Kim də məni sevirsə, cənnətdə mənimlə birlikdə olacaq.” (Tirmizi, Elm, 16/2678)

Allahın Qurani Kərimdə "Həqiqətən də, sən böyük əxlaq sahibisən!" (Qələm surəsi, 4) ayəsi ilə təriflədiyi Rəsulullahın (səv) söz və davranışları insanlar üçün ən yaxşı nümunədir. Hz. Aişənin "Onun əxlaqı Qurandan ibarətdir" hədisi ilə təsvir etdiyi kimi, insanlar Rəsulullahı (səv) nümunə götürmədiyi təqdirdə, nəinki gözəl əxlaqdan uzaq qalacaq, dünya və axirət səadətini də itirəcəklər. Sünnəni tərk edənlər böyük savabı qazana bilməyəcəklər, hesab günündə Rəsulullahın (səv) şəfaətindən də məhrum qalacaqlar (Ən doğrusunu Allah bilir).

Peyğəmbərimiz (səv) möminlərin yol göstəricisi və vəlisidir

Allahın "… ancaq O, Allahın Elçisi və peyğəmbərlərin sonuncusudur" (Əhzab surəsi, 40) ayəsi ilə bildirdiyi kimi, insanlar üçün son peyğəmbər kimi göndərdiyi, ən son haqq kitabını vəhy etdiyi, gözəl əxlaqı, təqvası, Allaha olan yaxınlığı ilə insanlara nümunə göstərdiyi Peyğambərimiz (səv) möminlərin vəlisidir. Allah "Həqiqətən Biz sənə ağır bir Söz (Quran) vəhy edəcəyik" (Müzzəmmil surəsi, 5) ayəsi ilə xəbər verdiyi kimi, son peyğəmbər olan hz. Muhammədə (səv) əhəmiyyətli vəzifə vermişdir. Peyğəmbərimiz (səv) isə Allaha olan güclü imanı ilə Allahın ona verdiyi məsuliyyəti ən gözəl tərzdə yerinə yetirmiş, insanları Allahın yoluna, hidayətə dəvət etmiş və bütün inananların yol göstəricisi olmuşdur.

Nümunə götürülməli insan Peyğəmbərimizdir

Peyğəmbərimizi (səv) görməmək Onun əxlaqınına uyğun yaşamamaq üçün bəhanə deyil. Quran ayələri və hədisi-şəriflərdən gözəl rəftarlarını və söhbətlərini öyrənərək onu nümunə götürməli, axirətdə bu mübarək insanla yaxın dost ola bilmək üçün əlimizdən gələni etməliyik.

Hazırda insanlar, xüsusilə də, bəzi gənclər bir çox insanı özlərinə nümunə götürürlər: Onların geyim, danışıq, həyat tərzlərinə uyğun yaşamağa çalışırlar. Ancaq bəzi gənclər tərəfindən nümunə götürülən bu insanların əksəriyyəti doğru yolda olmadıqları kimi, rəftar və əxlaq gözəlliyinə də sahib deyildirlər. Bu səbəblə insanları doğru olana, ən gözəl əxlaq və rəftara dəvət etmək mühüm vəzifədir.

Bir müsəlmanın rəftarını və əxlaqını nümunə götürəcəyi insan, şübhəsiz, hz. Muhəmməddir.


Peyğəmbərimizə (səv) tabe olanlar nicat tapanlardır

Peyğəmbərimizin (səv) “Sizə iki şey buraxıram. Bunlara əməl etdiyiniz müddətcə əsla azmayacaqsınız: Allahın Kitabı və Rəsulunun sünnəsi” hədisi-şərifdə də bildirdiyi kimi, müsəlmanların ən əhəmiyyətli iki yol göstəricisi – Quran və Peyğəmbərimizin (səv) sünnəsidir. Peyğəmbərimiz (səv) həm gözəl əxlaqı ilə insanlara nümunə olmuş, həm də insanları gözəl əxlaqlı olmağa çağırmışdır. "... Qiyamət günü möminin tərəzisində ən ağır gələn şey gözəl əxlaq olacaq. Həqiqətən, Allah kobud, təhqiramiz sözlər danışan adama nifrət edir”" buyuran Peyğəmbərimiz (səv) bir sözündə də "Ruhumu qüdrət altında tutan Allaha and içirəm ki, cənnətə yalnız gözəl əxlaq sahibləri girəcəkdir" demişdir. Peyğəmbərimizin (səv) yolundan gedən müsəlmanların da həm bütün insanlığa gözəl əxlaqları və xasiyyətləri ilə nümunə olmaları, həm də şifahi və yazılı olaraq onları gözəl əxlaqa dəvət etmələri mühüm vəzifədir. Bir ayədə Peyğəmbərin (səv) yolunu gedən bütün saleh müsəlmanlar belə müjdələnmişdir:

"Ona iman gətirən, onu dəstəkləyən, ona kömək edən və onunla göndərilmiş nurun (Quranın) ardınca gedənlər isə nicat tapanlardır. " (Əraf surəsi, 157)

"Sünnəsinə tabe olmaq çox qiymətlidir. Xüsusilə, bidətlərin çoxaldığı zamanda sünnəyə tabe olmaq çox vacibdir. Xüsusilə, ümmətin fəsadı zamanında (qarışıqlıq dövründə) sünnəyə uyğun yaşamaq güclü təqvanı və qüvvətli imanı meydana gətirir." (Bədiüzzaman Səid Nursi; Lemalar, s. 48)


Əhli-Sünnə etiqadının əhəmiyyəti

İslam tarixində bir çox yanlış düşüncə tərzi ortaya atılmışdır. Bəzi məzhəblər İslamın əsasından uzaqlaşaraq müxtəlif batil etiqadlar qəbul etmiş və azğın metodlara əl atmışlar. Müasir dövrdə bu cür batil inanclara yenisi də əlavə olunmuşdur: bəzi insanlar Rəsulullahın (səv) sünnəsini rədd edirlər və "Quranı oxuyarıq, Rəsulullahın (səv) açıqlamasına möhtac olmadan onu özbaşımıza anlayaq" fikrini iddia edirlər.

Quranın həyata keçirilməsi və tətbiq olunması mənasını verən sünnədən üz çevirirlər. Halbuki ortaya çıxan bu "sünnəsini tərk etmiş İslam" axını Quranın hökmlərini gözardı edir. Çünki sünnə Quranın şərhidir və ən əhəmiyyətlisi Quranda Rəsula (səv) tabe olunması əmr edilmişdir. Allah ümməti yalnız Qurana tabe olmağı deyil, eyni zamanda Rəsulullaha (səv) itaət etməyi də fərz etmişdir.

Sünnə Qurandan ayrı deyil. Sünnə son ilahi kitab olan Quranın Allah elçisi hz. Muhamməd (səv) tərəfindən verilmiş şərhidir. Bu səbəbdən İslam ancaq sünnə ilə birlikdə gerçək İslam olur. Quran sünnələr vasitəsilə ümmət tərəfindən başa düşülüb tətbiq oluna bilər. Bu dövrdə Peyğəmbərimizi (səv) dəstəkləmək isə ancaq Qurana tam tabe olmaqla, əhli-sünnə etiqadını və Quran əxlaqını onun göstərdiyi yolla bütün dünyaya yaymağa çalışmaqla, gücünün yetdiyi qədər ona bənzəmək üçün cəhd göstərməklə olacaqdır. Belə əxlaq göstərildiyi təqdirdə, Allah Peyğəmbərimizə (səv) necə kömək etdi isə, Ona dəstək olanlara da kömək edəcək və yollarını açaraq onları müvəffəq edəcəkdir. Rəbbimiz bu vədini ayəsində belə bildirmişdir:

"...Allah Ona yardım edənlərə, mütləq yardım edər.Şübhəsiz ki, Allah Qüvvətlidir,Qüdrətlidir."
(Həcc surəsi, 40)

"Qurana uyğun davranmaq səni Quranın mövqeyinə yüksəldər və oraya yerləşdirər. Sünnəyə (Peyğəmbərimizin (səv) hədisləri) əməl etmək səni Allahın Elçisi –Peyğəmbərimizə (səv) yüksəldər. Rəsulullah (səv) ürəyi və mənəvi hümməti ilə Allah dostlarının qəlbi ətrafından bir an belə ayrılmaz. Allah dostlarının qəlblərini gözəlləşdirən, ətirləndirib ətrafa yayan Odur. Onları paklaşdıran, mənfi duyğulardan təmizləyən və təzyin edən Odur." (Abdulkadir Geylani; Fethü'r-Rabbani)

Rəbbimiz digər peyğəmbərləri olduğu kimi, hz. Muhammədi də (səv) mükəmməl din və dümdüz yol üzərində göndərmiş və onu qiyamətə qədər bütün insanlara peyğəmbər seçmişdir. Elçiyə itaət etmək, ona hörmət, sevgi göstərmək və onun sünnəsinə əməl etmək inananlar tərəfindən mütləq yerinə yetirməli vəzifədir.

Peyğəmbərimiz (səv) vəhy yolu ilə Allahdan aldığı Quran ayələrini yalnız insanlara çatdırmamış, eyni zamanda müqəddəs vəzifə olan Quranın açıqlanması vəzifəsini də yerinə yetirmişdir.